1958-ci ildə Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası kimi təsis edilən, 1982-ci ildən Universitetə çevrilən Anadolu Universiteti 12 Fakültə, 1 Dövlət Konservatoriyası olmaqla 3 ali məktəb, 3 peşə məktəbi, magistratura və doktorantura səviyyəsində olan 5 İnstitut və 25 araşdırma mərkəzindən ibarətdir.
Qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini almış Anadolu Universitetində 2 cür- əyani və distant (Açıköğretim, məsafədən) təhsilalma formaları mövcuddur. Azərbaycan vətəndaşları Anadolu Universitetində əyani, bakalavr təhsili almaq üçün mütləq SAT(1000-1600) və ya YÖS(50-100) imtahanlarından birini verməlidirlər və ya Azərbaycan Dövlət İmtahan Mərkəzinin nəticəsi (400-700) ilə müraciət edə bilərlər. Bundan əlavə Azərbaycan vətəndaşları attestat bal ortalaması (min.3.50 ) ilə də əyani təhsilə müraciət edə bilərlər.
YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür. 2010-cu ildən etibarən ümumi YÖS imtahanı ləğv olunmuş, universitetlər öz daxili YÖS imtahanlarını keçirirlər. Bu universitetlərdən bəziləri sadəcə Türkiyədə, bəziləri isə həm də Azərbaycanda imtahan keçirir. Anadolu Universiteti Azərbaycan Proqramları, rəsmi tərəfdaş qurum olaraq hər iki təhsil forması üzrə həm sənəd qəbulunu ,həm də qəbul imtahanı Azərbaycanda təşkil edir. YÖS imtahan sualları 2 hissədən – Riyaziyyat və Məntiq və Türk dili bölməsindən ibarət olur. YÖS imtahanlarında maksimum nəticə 100 baldır. 60 baldan (tibb təhsili xaric) yuxarı nəticə göstərən tələbələrin qəbul şansı yüksəkdir.